"Qəbələ"nin potensial rəqibi heyətini gücləndirdi

"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi "Panatinaikos" transfer çalışmalarını davam etdirir. Yunanıstan təmsilçisi hücum xəttinə növbəti oyunçunu alıb. "Atalanta"nın forvardı Brayan Kabezasi icarəyə götürən afinalılar bu dəfə braziliyalı ön xətt oyunçusu Lusiano Nevesi heyətinə cəlb edib. "Panatinaikos" 24 yaşlı "sambaçı"nı "Korintians"dan bir illik icarəyə götürüb. Braziliyanın U-23 yığmasının sabiq üzvü özünü doğrulda bilsə, transfer ediləcək və 2 illik sazişə qol çəkəcək. Lusiano ötən mövsümü icarə əsasında "Leqanes" klubunda keçirib, 4 qola imza atıb.