İran hərbi gəmisinə

ABŞ-a məxsus hərbi gəmi Fars körfəzində İran Hərbi Dəniz Qüvvələrinin gəmisinə xəbərdarlıq atəşi açıb. Radio və yüksək səsli xəbərdarlıq siqnallarına məhəl qoymayan gəmi ABŞ-ın hərbi gəmisinə 137 metr yaxınlaşıb. Buna cavab olaraq, ABŞ gəmisi ona tərəf xəbərdarlıq atəşi açıb.

Meksikada atışma

Meksikanın Kordoba şəhərində barın qarşısında atışma baş verib. Cinayətkarlar bardan çıxan nəqliyyat şirkəti əməkdaşlarına atəş açıblar. Atışma nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda iki şübhəli şəxs saxlanılıb.

Modelyerin növbəti kitabı

Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı işıq üzü görüb. Elmi-metodik vəsaitdə tarixi inkişafın müxtəlif dövrlərində Azərbaycanda yaranan peşəkar rəqs ansambllarının, habelə özfəaliyyət və uşaq rəqs qruplarının milli geyim növləri, onların inkişaf xüsusiyyətləri diqqət mərkəzinə gətirilir. Kitab Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Elmi Şurası tərəfindən təqdir olunub. Kitabın elmi redaktoru sənətşünaslıq üzrə elmlər doktoru Sevil Sadıxova, rəyçisi isə sənətşünaslıq üzrə elmlər doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Kübra Əliyevadır.

Təyyarədə bomba həyəcanı

İstanbuldan Kasablankaya uçan "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarə göyərtəsinə bomba qoyulması barədə xəbərə görə Əlcəzair hava limanına təcili eniş edib. Təyyarədəki sərnişinlər yerə enən kimi təxliyyə olunub. Təyyarəni yoxlayan polis əməkdaşları göyərtədə hər hansı bir partlayıcı maddənin aşkar olunmadığını bildiriblər.

Ankaraya 5 ŞƏRT

Aİ-nin Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi üçün Ankara, əvvəlki kimi, 5 şərti icra etməlidir. Bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan deyib. “Biz həmçinin viza liberallaşmasını müzakirə etdik. Siqnalımız aydındır: Türkiyə qalan şərtləri icra etdikdən sonra biz də öz öhdəliklərimizi reallaşdıracağıq. Sonuncu, amma çətin olan bu məsələnin həllində Türkiyəni dəstəkləməyə hazırıq. Söhbət 72 şərtdən 5-dən gedir”, - deyə Y.Xan qeyd edib.